Yeni Klinikada böyrək transplantasiyası əməliyyatının icrasına başlanmasından 1 il ötür. Belə ki, ötən müddət ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 7 böyrək transplantasiyası (canlıdan-canlıya) əməliyyatı uğurla həyata keçirilib. İcra olunan əməliyyatlardan 2-si qadın, 5-i isə kişi pasiyent üzərində icra olunub.
Hər bir cərrahi proses müasir tibbi standartlara uyğun şəkildə icra olunub. Donor əməliyyatı laporoskopik (qapalı) üsulla həyata keçirilib ki, bu daha az travma, qısa bərpa müddəti və minimal fəsad riski deməkdir. Resipiyentlərin əməliyyatı isə açıq üsulla icra olunub və əməliyyatdan sonrakı dövrdə pasiyentlər daim həkim nəzarətində saxlanılıb.
Xatırladaq ki, Yeni Klinikada ilk böyrək transplantasiyası ötən ilin mart ayında baş tutub. Xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı kişi pasiyentə 59 yaşlı atasından böyrək köçürülüb.
Əlavə edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib. Qərara əsasən, 2024-cü ildən “Yeni Klinika” Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya əlavə edilib.