16 Noyabr 2024 12:00

Yeni Klinikada daha bir xəstənin həyatı xilas edildi

Yeni Klinika - Yeni Klinikada daha bir xəstənin həyatı xilas edildi

Yeni Klinikada ilk dəfə Ürək-damar mərkəzi komandası icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində 60 yaşlarında nadir görülən ürək problemini aradan qaldıraraq xəstənin həyatını xilas edib.

Tibb müəssisəsinə artan nəfəs darlığı və tənginəfəslik şikayəti ilə baş vuran 62 yaşlı Azad Kərimovda aparılan kardioloji müayinələr zamanı qulaqcıqların fibrillyasiyası fonunda ürək kameralarının həddən artıq genişlənməsi, qulaqcıqarası çəpər defekti (ASD-nin Sinus Venozus tipli qüsuru) həmçinin qulaqcığın içərisində böyük ölçülü tromb kütləsi müşahidə edilib.

ASD-nin Sinus Venozus tipli qüsuru çox vaxt tək başına olaraq görülmədiyindən daha detallı müayinəyə qərara verilələrək xəstə kontrastlı KT angioqrafiya müayinəsindən keçirilib.

Nəticədə xəstədə ağciyər venalarının birləşməsinin hissəvi anomaliyası (Parsial Pulmonar Venoz Dönüş Anomaliyası) və Persistan Vena Kava Superior olduğu müşahidə edilib.

Ürək-damar mərkəzi tərəfindən qərar verilən radikal (tam düzəltmə) əməliyyatı Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Nicat Süleymanov, ürək-damar cərrahı Nihad Süleymanzadə və uşaq ürək cərrahı Şiraslan Baxşəliyev tərəfindən icra edilib. Əməliyyat zamanı xəstənin öz ürək zarı (perikard) ilə tunel formasında yamaq düzəldilərək ağciyər venaları sol qulaqcığa yönləndirilib və qulaqcıqarası çəpər qüsuru bağlanılıb.

Uğurlu əməliyyat sonrası xəstə 1 gün reanimasiya, 7 gün stasionar müalicədən sonra ambulator müalicə üçün evə yazılıb.

Digər xəbərlər