26 Aprel 2023 12:00

Yeni Klinikada canlı yayımda minimal invaziv yolla orqanqoruyucu əməliyyat icra olunub

Yeni Klinika - Yeni Klinikada canlı yayımda minimal invaziv yolla orqanqoruyucu əməliyyat icra olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə 21-25 aprel tarixlərində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri çərçivəsində sonuncu gün canlı yayımda əməliyyat icra olunub.

TƏBİB tabeliyindəki Yeni Klinika tibb müəssisəsində baş tutan əməliyyat professor Qurbanxan Müslümov tərəfindən icra edilib. Konqresə Türkiyədən qatılan iki, Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş bir professorun da assistentlik etdiyi əməliyyatda 61 yaşlı qadın pasiyent üzərində düz bağırsağın aşağı hissəsinin böyük ölçülü şişinin olduqca mürəkkəb əməliyyatı uğurla həyata keçirilib.

Dünyanın bir çox yerlərində oxşar patologiyalar zamanı, əsasən, ömürlük kolostomanın qoyulması ilə başa çatdırılan əməliyyatlardan fərqli olaraq, sözügedən cərrahi müdaxilə zamanı müasir texnologiyaların tətbiqi ilə minimal invaziv yolla xəstənin mühüm fizioloji aktlarının saxlanılmasına xidmət edən orqanqoruyucu əməliyyat icra edilib.

Əllidən artıq iştirakçının qatıldığı toplantı zalına translyasiya edilən canlı əməliyyatın ayrı-ayrı mərhələləri yüksəkixtisaslı xarici və yerli həkimlərin moderatorluğu ilə müzakirə edilib, verilən suallar cavablandırılıb.

Canlı əməliyyatdan sonra xarici qonaqlar Yeni Klinikanı gəzərək, mövcud şəraitlə və xəstəxananın texniki imkanları ilə yaxından tanış olublar.

Video

Digər xəbərlər