Siyəzən rayonundan olan şəhid Ramiz Atakişiyevin anası Yeni Klinikanın stasionar müalicəsi nəticəsində sağlamlığına qovuşub.
Belə ki, 1957-ci il təvəllüdlü şəhid anası ambulator olaraq Yeni Klinikaya müraciət etdikdən sonra həkim-revmatoloq Aysel Ağalarova tərəfindən müayinə edilib. Ətraflı klinik və laborator analizlərin nəticələrinə əsasən xəstəyə seropozitiv revmatoid artrit diaqnozu qoyularaq stasionar müalicəyə cəlb olunub.
Terapiya şöbəsində aparılan müalicə prosesi zamanı xəstənin vəziyyətində müəyyən dəyişikliklər müşahidə edildiyi üçün qastroenteroloq konsultasiyası təşkil edilib.
Qastroenteroloq Elvin Əliyev tərəfindən aparılan instrumental müayinələr nəticəsində xəstəyə həmçinin xolangit və ya xolesistit olmadan öd axacağı daşları (koledokolitiaz) diaqnozu qoyularaq uğurlu ERCP (Endoskopik Retrograd Xolangiopankreatoqrafiya) proseduru icra edilib.
Həkim-revmatoloq Aysel Ağalarova və qastroenteroloq Elvin Əliyevin koordinasiyalı və effektli müalicəsi nəticəsində xəstənin səhhətində əhəmiyyətli yaxşılaşma əldə olunub. Pasiyent stasionar müalicəni uğurla tamamlayaraq ambulator nəzarət altında evə buraxılıb.
Qeyd edək ki, müalicə alan pasiyent Vətən müharibəsi zamanı şəhid olmuş Ramiz Atakişiyevin anasıdır. Ramiz Atakişiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.