TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada plasenta previya totalis və perkreta diaqnozu qoyulan hamilə pasiyentin qeysəriyyə əməliyyatı uşaqlığı çıxarılmadan icra edilib.
Belə ki, dördüncü hamiləliyi və üçüncü qeysəriyyə əməliyyatı olan xəstə 30-cu həftədə qanaxma səbəbi ilə stasionar şöbəyə yatırılaraq müalicə olunub. 32-ci həftədə şiddətli ağrı səbəbi ilə təcili əməliyyata alınan xəstənin qanaxması nəzarətə alınaraq uşaqlığı götürülmədən qeysəriyyə əməliyyatı sonlandırılıb.
Qeysəriyyə əməliyyatı ilə doğulan körpənin cinsiyyəti kişi, çəkisi 2.070 kq olub. Ana və körpə stasionar müalicədən sonra evə buraxılıb.
Məlumat üçün bildirək ki, plasenta previya çiftin uşaqlıq boynunun daxili dəliyini tamamilə ya da qismən qapamasıdır. Plasenta uşaqlıq boynunu örtəcək şəkildə yerləşibsə və bu, son aylarda dəyişməyibsə, doğuş təbii deyil qeysəriyyə əməliyyatı ilə gerçəkləşməlidir. Həmçinin bu diaqnoz hamiləliyin 2-3-cü trimestrlərində əsas qanaxma səbəbidir. Bu diaqnozda uşaqlığın çıxarılması (histerektomiya) və çox miqdarda qan köçürülməsinə ehtiyac duyulur.
Ananın həyatı üçün riskli olan əməliyyat Mama-ginekologiya şöbəsinin müdiri Uzm.Dr. Vüsalə Əzizova və komandasının sayəsində uğurla icra edilib.