“Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar İctimai Birliyi” və Yeni Klinikanın birgə təşkilatçılığı ilə anestezioloq-reanimatoloq, alqoloq, nevroloq və təcili yardım həkimləri üçün nəzərdə tutulmuş iki kompleks təlim proqramı keçirilib.
Bu proqramlar “Ultrasəs rəhbərliyində periferik blok təqdimetmə kursu” və “Ağciyərlərin ultasonoqrafiyası və exokardioqrafiya” mövzularında təlimləri əhatə edib.
Təlim proqramında Azərbaycan və Türkiyədən dəvət olunmuş tanınmış mütəxəssislər – Dos. Dr. Savaş Altınsoy, Dos. Dr. Fatma Kavak Akelma, Dos. Dr. Musa Zengin, Dr. Zülfüqar Yusifov, Dr. Ramin Verdixanov və Dr. Cəmil Babayev tərəfindən məruzələr təqdim olunub.
30-a yaxın mütəxəssisin iştirak etdiyi təlimdə geniş nəzəri və praktiki bölmələrdən ibarət proqram təqdim olunub. Təlim zamanı ağciyər ultrasəs kursu, təməl exokardioqrafiya (EXO) və təcili hallarda exokardioqrafiya, Ultrasəs müayinəsinin (USM) təməl yanaşmaları, iş prinsipləri, aşağı ətraf blokları, bədən blokları və digər əlaqəli mövzular ətraflı müzakirə olunub.
Kursun əsas mərhələsini praktiki məşğələlər təşkil edib. İştirakçı həkimlər ultrasəs cihazından istifadə bacarıqlarını artırmaq, sonoqrafik görüntülərin təhlilini və sono-anatomiya üzrə biliklərini təkmilləşdirmək məqsədilə canlı manikenlər üzərində praktiki təcrübələr aparıblar.