TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.
Belə ki, dövlət xətti ilə doktorantura ixtisası üzrə (Səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlı - Ravil Tağıyev tibb müəssisəsinin iqtisadi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Məlumat üçün bildirək ki, 1997-2001-ci illərdə Türkiyənin Konya şəhəri, Səlcuk Universitetində menecment üzrə bakalavr təhsili alan Ravil Tağıyev 2001-2005-ci illərdə Ankara Universitetində biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. 2005-ci ildən Ankara Qazi Universitetinin (Ankara Hacı Bayram Veli Universiteti) doktorantı olan Ravil Tağıyev əmək fəaliyyətinə 2008-ci ildə Ankarada, Universitet xəstəxanasında başlayıb.
2011-ci ildə o, Azərbaycana qayıdaraq 2024-cü ilin fevral ayına qədər Modern Hospitalda icraçı direktor olaraq fəaliyyət göstərib.
Ravil Tağıyev hazırda Azərbaycan Dövlət İqtisad Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycanda və xaricdə bir çox məqalələri yayımlanan Ravil Tağıyev eyni zamanda 4 dissertasiya işinin rəhbəridir.