05 Dekabr 2024 12:00

TƏBİB və KOICA arasında silsilə əməkdaşlıq görüşləri keçirilib

Yeni Klinika - TƏBİB və KOICA arasında silsilə əməkdaşlıq görüşləri keçirilib

27 noyabr – 4 dekabr 2024-cü il tarixləri ərzində TƏBİB və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında tibb işçiləri üçün vahid onlayn təlim platformasının (Learning Management System) yaradılması layihəsi çərçivəsində silsilə əməkdaşlıq görüşləri baş tutub.

TƏBİB tərəfindən KOICA-ya təqdim olunan “Elektron Tədris Platformasının yaradılması vasitəsilə Azərbaycanda səhiyyə işçilərinin davamlı bacarıqlarının artırılması” qrant layihəsi çərçivəsində texniki-iqtisadi əsaslandırılma prosesini həyata keçirmək məqsədilə KOICA nümayəndə heyəti ölkəmizə səfər edib.

Nümayəndə heyəti müvafiq olaraq, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Rəqəmsal Tibbi Həllər” MMC, Yeni Klinika və TƏBİB Akademiyasının nümayəndələri ilə görüşüblər.

Görüşlərin əsas məqsədi TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən tibbi heyət üçün vahid onlayn təlim platformasının yaradılması məqsədilə mövcud şəraitin qiymətləndirilməsi, bu istiqamətdə görüləcək işlərin həcminin və prioritetliyinin müəyyən edilməsi, işçi qrupun yaradılması, informasiya texnologiyalarının mövcud maddi-texniki təminat səviyyəsinin ölçülməsi kimi məsələlərin müzakirəsi, təhlili və dəyərləndirilməsindən ibarətdir.

Görüşlər çərçivəsində, həmçinin Yeni Klinikanın TƏBİB Akademiyasının təşkilatçılığı ilə keçirilən təlimlərin də yeni yaradılacaq təlim platformasında onlayn formatda keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Gələcəkdə layihənin pilot formada icrasına Yeni Klinikada başlanılması məsələsinin mümkünlüyü qiymətləndirilib. Tibb müəssisəsi ilə yaxından tanış olmaq məqsədilə təşkil olunan xəstəxana turunda iştirak edən nümayəndə heyəti daha sonra TƏBİB Akademiyasını ziyarət edərək təlimlərdə iştirak edən orta tibb heyəti və təlimləri həyata keçirən həkimlərlə görüşüblər.

Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 90 mindən artıq tibb işçisi üçün il ərzində müxtəlif tibbi mövzularda canlı və onlayn təlimlər təşkil olunur. Təlimlərin keçirilməsində məqsəd tibb işçilərinin davamlı tibbi təhsil prosesinə cəlb olunaraq onların bilik və bacarıqlarının mütəmadi olaraq təkmilləşdirilməsidir.

Digər xəbərlər