13 İyul 2025 12:00

Almaniya ilə əməkdaşlıq çərçivəsində Yeni Klinikada təlimlər davam edir

Yeni Klinika - Almaniya ilə əməkdaşlıq çərçivəsində Yeni Klinikada təlimlər davam edir

TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada tibb və qeyri-tibb heyət üçün növbəti təlimlər keçirilib.

Təlimlərdə Almaniyadan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər – Seven Heininges və Helene Maucher tərəfindən həm nəzəri, həm də praktik biliklər təqdim olunub. İki gün davam edən təlimlərə ümumilikdə 10 qeyri-tibb və 10 tibb heyəti cəlb olunub.

Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin iştirakı ilə baş tutan təlimlər zamanı “Beynəlxalq xəstə strategiyası” və “Tibb bacıları strategiyası” mövzularında seminarlar keçirilib.

“Tibb bacıları strategiyası” üzrə keçirilmiş seminarın əsas məqsədi klinikada tibb bacısı xidmətləri üzrə ortaq missiyanın formalaşdırılması, qulluq idarəçiliyində liderliyin vahid anlayışının yaradılması və strateji məqsədlərin müəyyənləşdirilməsi olub. Seminar zamanı baş və böyük tibb bacılarının dəyişiklik prosesindəki rolu və məsuliyyətləri dəqiqləşdirilib, ilkin icra addımları müəyyənləşdirilib. Həmçinin rəhbərlikdən komanda üzvlərinə qədər uzanan çox layihəli tətbiq modelinin əsasları formalaşdırılıb.

“Beynəlxalq xəstə strategiyası” seminarında isə iştirakçılara beynəlxalq pasiyent qəbulunun strateji əsasları, beynəlxalq ofisin funksiyası, bazar və xidmət mövqeləndirməsi kimi önəmli mövzular təqdim olunub. Seminar çərçivəsində Azərbaycan nümunəsi əsasında sağlamlıq turizmi strategiyası təhlil edilib, iştirakçılar qrup məşğələləri vasitəsilə pasiyent marşrutunu müəyyən edərək prioritet bazarları və qısa müddətdə həyata keçirilə biləcək tədbirləri müəyyənləşdiriblər.

Qeyd edək ki, təlimlər Yeni Klinikada tibbi xidmətlərin davamlı inkişafına və beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.

Photos Gallery

Digər xəbərlər