Yeni Klinikanın ümumi cərrahiyyə komandası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyati riski yüksək olan əməliyyatı uğurla icra edib.
Boyunda şişlik, nəfəs darlığı və qidalanma pozğunluğu ilə müraciət etmiş 30 yaşlı qadın xəstəyə aparılan laborator və instrumental müayinələrə əsasən (boyun KT və ultrasəs müayinəsi) toksik, çoxdüyünlü, mediastinuma uzanan, 13-14 sm ölçüsündə bütün boyun bölgəsini dolduran, traxeyanı deviasiya edən ur (zəhərli zob) diaqnozu qoyulub.
Kütlənin çox böyük ölçüdə olması, boyun damarları ilə sıx əlaqəsi və əməliyyat zamanı sternotomiyaya (sinə, köks, və döş sümüyünün yarılması) ehtiyacın olması əməliyyatın riskini artırdığı üçün xəstə əməliyyat öncəsi müayinələrdən keçirilərək multidisiplinar konsiliuma çıxarılıb.
Anestezioloq Lalə Əliyevanın iştirakı ilə ümumi cərrah Uzm.Dr. Vaqif Qurbanovun icra etdiyi əməliyyat zamanı döş qəfəsi açılmadan, səs telləri qorunmaqla kütlə tam şəkildə xaric edilib.
Əməliyyat sonrası 2 gün reanimasiya, 3 gün stasionar şöbədə müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.