TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın ürək-damar cərrahları tərəfindən ilk dəfə sinə sümüyü kəsilmədən açıq ürək əməliyyatı icra olunub.
Belə ki, tibb müəssisəsinə müraciət edən 35 yaşlı xanım xəstədə anadangəlmə ürək qüsuru - geniş sekundum ASD tipli qulaqcıqlararası çəpər defekti aşkarlanaraq əməliyyat qərarı verilib.
Əməliyyat ürək-damar cərrahı Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən sinə sümüyü kəsilmədən, kiçik kəsiklə qabırğaarası sahədən daxil olaraq icra edilib, anadangəlmə qüsur xüsusi yama vasitəsi ilə bərpa olunub. Uğurlu əməliyyat sonrası bir neçə gün stasionar müalicə alan xəstə daha sonra ambulator müalicə üçün evə yola salınıb.
Qeyd edək ki, sinə sümüyü kəsilmədən icra olunan əməliyyatların bir sıra üstünlükləri var. Ən əsası sinə sümüyü kəsilmədiyi və kiçik kəsiklə icra olunduğu üçün həm kosmetik defekt kiçik olur, həm də əməliyyatdan sonra sümük bitişməsi üçün lazım olan 1 aylıq reabilitasiya dövrünə ehtiyac qalmır. Eyni zamanda hərəkət məhdudiyyəti olmamaqla yanaşı, əməliyyat sonrası ağrılar minimuma enmiş olur.