Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyası və “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı”nın növbəti mərhələsinə start verilib.
Bu mərhələdə Türkiyə, Rumıniya, İspaniya, Əlcəzair, Çexiya, Rusiya, Şimali Kipr, Bolqarıstan, Misir, Estoniya və Macarıstandan olan 17 tibb tələbəsinin bir ay müddətində Yeni Klinikanın müxtəlif ixtisaslaşdırılmış şöbələrində tibbi təcrübə keçməsi nəzərdə tutulub. Onlar həm nəzəri biliklərini təkmilləşdirəcək, həm də praktiki proseslərdə iştirak edərək kliniki təcrübə qazanacaqlar.
Proqramın rəsmi açılış mərasimində TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad və Layihələr və tədqiqatlar bölməsinin müdiri Aygün Qocayeva iştirakçılara Yeni Klinikanın yüksək texnologiyalara əsaslanan fəaliyyət istiqamətləri, müasir tibbi avadanlıqları, eləcə də TƏBİB Akademiyasının tədris və elmi-tədqiqat sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat təqdim ediblər. Eyni zamanda, tələbələrə təcrübə proqramının məqsəd və mərhələləri izah olunub, onlara klinik şəraitdə peşəkar yanaşma prinsipləri barədə tövsiyələr verilib.
Proqram çərçivəsində tələbələr Travmatologiya, Kardiologiya, Qastroenterologiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Mama-ginekologiya və Uşaq cərrahiyyəsi şöbələrində müasir tibbi yanaşmaları izləyəcək, əməliyyat proseslərini müşahidə edəcək eyni zamanda xəstələrin müayinə və müalicə prosedurları ilə yaxından tanış olacaqlar. Bundan başqa, onlar müxtəlif praktiki məşğələlərdə iştirak edərək peşəkar bacarıqlarını inkişaf etdirəcəklər.