Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsində dünya üzrə hər 20.000 nəfərdən birində görülən xəstəliyin müşahidə edildiyi pasiyent icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində uğurla əməliyyat edilib.
Belə ki, 5 ilə yaxın müxtəlif ölkələrdə düzgün diaqnozun qoyula bilməməsi səbəbindən yanlış müalicə alan 25 yaşlı qadın pasiyent Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov tərəfindən qəbul edilərək ətraflı müayinə edilib. Xəstəliyə çox nadir rast gəlindiyi üçün diaqnozun ilk dəfədən qoyulması olduqca çətin olsa da pasiyentdə Superior Mesenter Arter (Wilkie’s) sindromu aşkar olunaraq əməliyyata hazırlanıb.
Xəstəliyin ən effektiv cərrahi müalicələrindən biri 12 barmaq bağırsaqla acı bağırsaq arasında anastomoz (əlaqə) yaradılmasıdır. Ümumi cərrah Elşən Qədimovun minimal invaziv üsulla icra etdiyi “Laparoskopik duodeno-jejunostomiya” cərrahi əməliyyatında həkim-rezident Aynəddin Aslanov və həkim-rezident Cəfər Mehdizadə iştirak edib. Yeni Klinikanın peşəkar komandası tərəfindən uğurlu əməliyyat olunan xəstə 5 gün stasionar müalicə alaraq ağırlaşmasız yaxşılaşma və şikayətlərində 100%-ə yaxın azalma ilə evə yazılıb.
Məlumat üçün bildirək ki, Superior Mesenter Arter (Wilkie’s) sindromu yuxarı müsariqə arteriyasının ətrafındakı piy təbəqəsinin azalması (sürətli arıqlama, onurğa sütunu əyriliyi və s. səbəbdən) nəticəsində aorta və yuxarı müsariqə arteriyası arasındakı bucağın azalması (Norma 28-65°, SMA Sindromu 6-22°) həmçinin 12 barmaq bağırsağın 3-cü (horizontal) hissəsinin aorta ilə yuxarı müsariqə arteriyası arasında sıxılması və 12 barmaq bağırsaq keçməzliyinin inkişaf etməsi ilə özünü göstərən bir xəstəlikdir.
Nəticədə xəstədə qida qəbulundan qısa bir müddət sonra ağrılar, ürəkbulanma, qusma, çəki azalması kimi dispeptik əlamətlər yaranır. Diaqnozun çətin qoyulması səbəbindən bu xəstələr qastroenteroloji müayinələrdən keçərək uzun müddət müalicə alsalar da, aparılan müalicələr heç bir effekt vermir.