Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində yenidoğulmuşun qida borusunun atreziyası əməliyyatı icra olunub.
38-ci həftəsində başqa tibb müəssisəsində doğulan körpə postnatal dövrünün 2-ci günündə qida borusu atreziyası şübhəsi ilə Yeni Klinikaya qəbul edilib. Ətraflı müayinə olunan körpədə özofagusun (qida borusu) proksimal atreziyası və distal fistulası olduğu müşahidə edilib.
Dərhal əməliyyata hazırlanan körpənin əməliyyatını anestezioloq-renaimatoloq Lalə Əliyevanın iştirakı ilə uzman uşaq cərrahları Orxan Fərzəliyev və Tural Cumazadə həyata keçirib. Əməliyyat sonrası uzman pediatr Əkbər Quliyevin rəhbərlik etdiyi Neonatologiya şöbəsinə (Yenidoğulmuşların reanimasiyası) yerləşdirilən körpə 5-ci günündə ağızdan qidalanmağa başlayıb. Yenidoğulmuşların reanimasiyasında müalicə alan körpə 10-cu günündə ağızdan tam qidalanaraq ambulator müalicə üçün evə yazılıb.
Məlumat üçün bildirək ki, qida borusunun anadangəlmə atreziyası – qida borusunun natamam inkişafıdır. Əsasən beş forması olan bu patologiyanın ən çox müşahidə edilən formaları proksimal atreziya və distal fistuladır. Atreziyanın bu formasında qida borusunun üst hissəsi kor sonlanır, aşağı hissəsi isə traxeaya (tənəffüs yolu) birləşir. Doğuşdan dərhal sonra güclü öskürək tutmaları, sianoz, tənginəfəslik, tənəffüs ritminin pozulması, ağciyərlərdə xırıltı əlamətləri ilə özünü göstərən qida borusunun atreziyası zamanı qida ya geriyə qayıdır (tam atreziya zamanı) və ya tənəffüs yollarına düşür. Qida borusunun atreziyası müşahidə edildiyi təqdirdə təcili cərrahi müdaxilə şərtdir.