Yeni Klinikada ilk dəfə olaraq Azərbaycanda nadir icra olunan və tibbin son nailiyyətlərindən hesab edilən TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatı icra edilib.
Daha öncə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində mövcud olmayan bu prosedur icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə Yeni Klinikanın peşəkar Ürək-damar Mərkəzinin komandası tərəfindən həyata keçirilib.
Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur. Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir. Xəstə üçün üstünlüyü 24/48 saat sonra evə yazılaraq normal həyatına davam etməsidir. Daha az travmatik xüsusiyyətə malik olan əməliyyat sonrası müddət 2-3 gün təşkil edir. TAVİ açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra oluna bilər.
Yeni Klinikanın Ürək-damar Mərkəzinin rəhbəri tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov tərəfindən 74 yaşlı qadın xəstə üzərində icra edilən əməliyyat uğurla başa çatıb. Stasionar müalicəsi davam edən xəstə bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılacaq.
Qeyd edək ki, özəl tibb müəssisələrində dəyəri 35-40 min AZN arasında dəyişən TAVİ əməliyyatı Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tam ödənişsiz icra edilir.