Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Keyfiyyətə nəzarət şöbəsinin təşəbbüsü, TƏBİB-in İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinin dəstəyi ilə “Mavi kod zamanı resusitasiya (təməl və təkmil həyat dəstəyinin) xidmətlərinin təmin edilməsi” ilə bağlı nəzəri və praktiki təlimlər keçirilib.
Təlimin məqsədi “Mavi Kod” elanı zamanı tibb müəssisəsində ürək və tənəffüs sistemi dayanmış xəstə, ziyarətçi və ya personala kardiopulmonar resusitasiya xidmətinin yüksək səviyyədə peşəkar təcrübəli komanda tərəfindən planlaşdırılması, icrası və qiymətləndirilməsidir.
Təlimçi Pərvanə Fətullayevanın iştirakı ilə keçirilən təlimdə xüsusi olaraq təcili tibbi yardım, anesteziologiya, reanimasiya və müxtəlif sahələrin həkim və tibb bacıları iştirak edib.
Həkimlər üçün “Təkmil həyat dəstəyi”, tibb bacıları üçün “Təməl həyat dəstəyi” istiqamətində keçirilən təlimlərdə iştirakçıların bilik səviyyələrinə uyğun olaraq test sınaqları keçirilib.
“Mavi Kod” hadisəsi zamanı baş verəcək hadisələr mexanizminin aydın şəkildə izah olunduğu təlim sual-cavab sessiyası ilə yekunlaşıb.
Bildirək ki, “Mavi kod” elanı “Mavi kod” statusunu və hadisə yerini bildirən təcili çağırış siqnalıdır. Xəstəxanada ürək və/və ya tənəffüs dayanması hallarında, ən sürətli və ən təsirli müdaxilə üsulu üçün mavi kod komandasına tez bir zamanda xəbər verilməsini təmin edən və komandanın hadisə yerinə mümkün qədər tez çatmasına kömək edən erkən bildiriş sistemidir.
Tibb müəssisəsinin hər hansı bir ərazisində kardiopulmonar resusitasiya halları müəyyən edildikdə zərər çəkmişə ilkin olaraq təməl həyat dəstəyi (BLS), dərhal sonra təkmil həyat dəstəyi (ALS) həyata keçirilməlidir.
Təməl həyat dəstəyi (BLS) - Sadə tibbi ləvazimatlar istisna olmaqla, tibbi cihaz və invaziv müdaxilə tətbiq etmədən nəfəs yolu keçiriciliyinin təmin edilməsi, tənəffüs və qan dövranının dəstəklənməsidir.
Təkmil həyat dəstəyi (ALS) – Təməl həyat dəstəyi göstərildikdən sonra təcili olaraq, monitorizasiya və invaziv müdaxilələrin (endotrxial intubasiya, intravenoz müdaxilə və s.) tətbiqi ilə kardiovaskulyar qiymətləndirməni və medikamentoz müalicəni ehtiva edən tədbirlər kompleksidir.
Qeyd edək ki, Yeni Klinikada mütəmadi olaraq bu cür maarifləndirici təlimlərin təşkil olunması planlaşdırılır.