TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində reanimotoloji-anestezioloji xidmətin keyfiyyətinin artırılması və regionlarda sahə üzrə kadr potensialının gücləndirilməsi məqsədilə Yeni Klinikada keçirilən təlimlərin ikinci mərhələsinə start verilib.
Təlimlərin növbəti mərhələsində Qazax, Şəmkir, Tovuz, Ağstafa və Gədəbəy rayon mərkəzi xəstəxanalarının Reanimasiya və Anesteziologiya şöbələrində çalışan 5 həkim və 20 orta tibb işçisi Yeni Klinikaya ezam olunub.
Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə təşkil olunan təlim proqramı çərçivəsində iştirakçılar ilkin qiymətləndirmədən keçirilib. Bir ay davam edəcək proqram zamanı tibbi heyət Reanimasiya və Anesteziologiya şöbələrində həm nəzəri, həm də praktiki biliklərini artıracaq, real klinik hallarda təcrübə qazanacaq.
Həmçinin təlim müddətində nəzəri biliklərin artırılması məqsədilə iştirakçılar “TƏBİB Akademiyası”nda təşkil olunan seminar və təlim sessiyalarına qatılacaq.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində bölgələrdə göstərilən reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin artırılması və tibbi heyətin peşəkar inkişafına töhfə verilməsi nəzərdə tutulur. Təlimlərin ilk mərhələsi uğurla başa çatıb və layihəyə TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin də cəlb olunması planlaşdırılır.