TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində aorta qapaq təmiri, qalxan aorta replasmanı, hemiarkus replasmanı əməliyyatı uğurla icra olunub.
Klinikanın Təcili tibbi yardım şöbəsinə döş qəfəsində, kürəkdə və beldə kəskin ağrı şikayətləri ilə müraciət edən 1963-cü il təvəllüdlü Balabacı Mahmudova müayinə olunduqdan sonra tip I aorta diseksiyası (aorta damarının iç təbəqəsinin ürəkdən çıxdığı yerdən başlayaraq böyrək arteriyasına qədər cırılması və aortanın təbəqələrə ayrılması) diaqnozu qoyulub.
Ürək-damar xəstəlikləri içərisində yüksək ölüm riskinə malik olan bu patoloji halın yeganə müalicəsi ən qısa müddətdə əməliyyat olunaraq deffektin aradan qaldırılmasıdır. Ürək-damar cərrahı Mətin Hadizadə və komandası tərəfindən 4 saat icra edilən əməliyyat nəticəsində aorta qapaq təmir edilib, aorta damarının cırılmış hissəsi ürəkdan başlayan seqmentdən aorta qövsünün bir hissəsi daxil olmaqla kəsilərək rezeksiya edilib və süni damar qrefti ilə protezlənib.
Olduqca ağır və yüksək riskli əməliyyatdan 5 saat sonra xəstə süni tənəffüs aparatından ayrılıb. 1 gün sonra palataya köçürülən xəstə 5-ci günündə ambulator müalicə üçün evə yazılıb.