"Yeni klinika" tibb müəssisəsində Qastroenterologiya şöbəsi fəaliyyətə başladı.
Şöbə müdiri Qastroenteroloq-Hepatoloq-İnvaziv Endoskopist Uzman Dr. Fuad Mustafayev şöbədə özofagit, qastrit, mədə və 12 barmaq bağırsaq xorası, qida borusu motorika xəstəlikləri, çölyak xəstəliyi, İBX (Crohn, xoralı kolit), yoğun bağırsağın diverikular xəstəliyi, yoğun bağırsaq polipləri, qida borusu, mədə, bağırsaq xərçəngi, xərçəngönü xəstəliklərin və qaraciyər yağlanmasının müalicə edildiyini bildirib.
Yeni yaranan şöbədə virus hepatitləri, qaraciyərin irsi, autoimmun və qazanılmış xəstəliklərin müayinə və müalicəsinin aparıldığını qeyd edən Fuad Mustafayev həmçinin, öd yolları xəstəlikləri, pankreas xəstəliklərindən kəskin və xroniki pankreatit, pankreasın xoşxassəli və bədxassəli törəmələrinin diaqnostikası və müalicəsinin aparıldığını bildirib.
Şöbədə eyni zamanda qida borusu, mədə və 12 barmaq bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi üçün qastroskopiya, yoğun bağırsaq xəstəlikləri diaqnostikası və müalicəsi üçün kolonoskopiya, öd yolları və pankreas xəstəliklərinin diaqnostikası və müalicəsi üçün ERCP kimi proseduralar aparılır.
Bundan başqa həzm sistemi qanaxmalarının diaqnostikası və durdurulması, darlıqların müalicəsi, bədxassəli törəmələrin toxuma diaqnozu üçün onlardan biopsiya alınması, erkən mərhələ bədxassəli xəstəliklərin müalicəsi (EMR, ESD), əməliyyat sonrası əmələ gələn darlıqların və qaçaqların diaqnostikası və müalicəsi, qaraciyər xəstəliklərinin diaqnostikası məqsədilə qaraciyər biopsiyası icra edilir.
Dr. Fuad Mustafayev həmçinin şöbədə qastroskopiya, kolonoskopiya müayinələrini həyata keçirmək üçün istifadə olunan endoskopiya cihazı barədə də məlumat verib.
Onun sözlərinə görə bu cihaz vasitəsi ilə qida borusu, mədə, 12 barmaq bağırsaq, yoğun bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi həyata keçirilir.