Sarılıq və yüksək hərarət şikayətləri ilə Yeni Klinikaya müraciət edən 1959-cu il təvəllüdlü kişi pasiyentdə aparılan müayinələr nəticəsində pankreas və öd yolları nahiyəsində patoloji lezyon aşkarlanıb.
Pasiyent üzərində mədəaltı vəzi və öd yolları xəstəliklərinin cərrahi müalicəsində tətbiq olunan ən mürəkkəb müdaxilələrdən biri – laporoskopik “Whipple” əməliyyatı icra edilib.
Yüksək peşəkarlıq və dəqiqlik tələb edən əməliyyat Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah transplantoloq Eldar Əhmədovun rəhbərliyi ilə uzman ümumi cərrahlar Ayxan Abbasov, Elnur Kalbizadə, həkim-rezident Kəmalə Məmmədova və anestezioloq-reanimatoloq Lalə Əliyevanın komandasının iştirakı ilə uğurla həyata keçirilib.
Minimal invaziv yanaşmanın üstünlükləri sayəsində əməliyyatdan sonrakı dövr stabil keçib, pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator nəzarət altında müalicəsini davam etdirmək üçün evə buraxılıb.
Qeyd edək ki, laporoskopik “Whipple” əməliyyatı TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələri arasında yalnız Yeni Klinikada icra olunur.