Yeni Klinikada TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Yeni Klinikanın direktoru Barat Yusubov Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun (Fond) İcraçı direktoru Zoxid Ermatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondunun, eləcə də İqtisadiyyat və Maliyyə Nazirliyinin məsul şəxslərinin iştirak etdiyi görüşdə əməkdaşlıq münasibətləri, icbari tibbi sığorta sisteminin dövlət tibb müəssisələrində tətbiqi mexanizmi və qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisələrində keyfiyyətli tibbi yardımın təşkili və xidmət keyfiyyətinə nəzarətin önəmini vurğulayaraq TƏBİB tabeliyində fəaliyyət göstərən müəssisələrdə bu istiqamətdə önəmli addımların atıldığını qeyd edib.
Yeni Klinikanın fəaliyyət istiqaməti və hədəfləri barədə ətraflı məlumat verən Barat Yusubov icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində göstərilən tibbi xidmətlərdən istifadə edən vətəndaşların xidmət keyfiyyətindən razı qaldıqlarını bildirib.
Özbəkistanda icbari tibbi sığortanın tətbiqinin hazırda bir neçə regionda həyata keçirildiyini qeyd edən nümayəndə heyəti Azərbaycan təcrübəsindən yararlanmağı və birgə əməkdaşlığa maraqlı olduqlarını bildiriblər.
Klinikanın fəaliyyəti barədə ətraflı məlumat alan nümayəndə heyəti daha sonra tibb müəssisəsinin Təcili və təxirə salınmaz tibbi yardım (böyük və uşaq), Reanimasiya (böyük və uşaq), Laboratoriya və s. şöbələrini ziyarət ediblər.