Yeni Klinikanın Ürək-damar cərrahiyyəsi şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində eyni anda həm mitral qapaq, həm də aorta qapağın mexanik protez qapaqla dəyişdirilməsi əməliyyatı icra edilib.
Klinikaya ciddi təngnəfəslik, boğulma şikayətləri ilə müraciət etmiş 47 yaşlı kişi xəstənin ürəyinin iki qapağında (aortal və mitral) ciddi çatışmazlıq aşkarlanıb. İlkin müayinələrdən sonra stasionar şöbəyə qəbul edilən xəstənin müalicəsinə başlanılıb.
Xəstəni ətraflı müayinə edən ürək-damar cərrahları tərəfindən əməliyyat qərarı verilib. Eyni anda ürək üzərində 2 mürəkkəb əməliyyat planlanan xəstədə ürək-damar cərrahları Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən həm mitral qapaq, həm də aorta qapaq mexanik protez qapaqla dəyişdirilib.
Uğurlu əməliyyat sonrası 2 gün Reanimasiya şöbəsində diqqətdə saxlanılan xəstə 6 günlük stasionar müalicədən sonra ambulator müalicə üçün evə yazılıb.