Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Yeni Klinika tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir.
Ümumi sahəsi 100 min kvadratmetrə yaxın və imkanlarına görə tam standartlara cavab verən tibb müəssisəsində 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur.
Ümumilikdə 500-dən artıq həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsində hal-hazırda Cərrahiyyə və Transplatasiya Mərkəzi, Ürək-damar Mərkəzi, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzi, Somatika və STROK mərkəzi, İnsult Mərkəzi (STROK), Hematologiya və sümük iliyi nəqli mərkəzi fəaliyyət göstərir. Qeyd edilən mərkəzlərin tərkibində isə 25 şöbə və 13 bölmə, mövcuddur.
Ölkəmizdə və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında Yeni Klinika Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib. Sertifikat HIMSS-in önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə olunur.
Qeyd edək ki, Yeni Klinika tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Nizamnamə
Əmək hüququnu ehtiva edən Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin VI hissəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əks olunub.
Bu hüququ təmin edən Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarda da sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi, əməkdaşların həyatının və sağlamlığının müəssisənin fəaliyyətinin nəticələrindən üstün tutulması, müəssisələrdə əməyin yüksək mühafizəsi şaraitinin yaradılması əməyin mühafizəsinin əsas prinsiplərindən biri kimi əks olunub.
"Yeni Klinika" PHŞ fəaliyyat göstərdiyi bütün müddət ərzində əməkdaşlarının həyatını və sağlamlığını daim müəssisənin fəaliyyətinin nəticələrindən üstün tutub.
Peşəkar yerli kadrların, beynəlxalq standartların və innovativ texnologiyaların tətbiqi əsasında keyfiyyətli və yüksək ixtisaslaşdırılmış əlçatan tibbi xidmətlərin göstərilməsidir.
Yeni Klinika PHŞ-in əsas məqsədi təqdim etdiyi tibbi xidmətlər üzrə pasiyentlərin, ziyarətçilərin və əməkdaşların məmnuniyyətini təmin etmək, ölkənin yüksək səviyyədə maddi, texniki və insan resurslarına malik olan əlçatan, aparıcı, çoxprofilli tibb müəssisələrindən biri olmaqdır.
Pasiyent yönümlülük - Kompleks yanaşmamızda xəstəliyin müalicəsi ilə yanaşı, sağlamlığın qorunması hüququna malik olan hər bir pasiyentə individual yanaşma nəzərdə tutulur.
Pasiyent təhlükəsizliyi - Yeni Klinika PHŞ olaraq, biz pasiyentlərə dəyə biləcək mümkün zərərin qarşısını almaq, keyfiyyətli tibbi xidmətlərin göstərilməsi, təhlükəsiz və etibarlı mühit yaratmaq üçün beynəlxalq pasiyent təhlükəsizliyi qaydalarını tətbiq edirik.
Bərabərhüquqluluq - Tibbi yardımın göstərilməsində prioritetliyin qiymətləndirilməsi üçün beynəlxalq protokolları tətbiq etməklə biz hər bir pasiyentə qarşı münasibətdə tibbi resursların və xidmətlərin ədalətli bölüşdürülməsinə zəmanət veririk. Biz yaşından, cinsindən, irqindən, etnik mənsubiyyətindən, dinindən, sosial-iqtisadi vəziyyətindən, dilindən və ya siyasi mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin hər bir üzvünə bərabər keyfiyyətli xidmət göstəririk.
Operativlik və uyğunluq - Heyətimizin davamlı hazırlığı və peşəkar inkişafı, xəstəliklərin diaqnostikası və müalicəsi üçün təsdiq edilmiş beynəlxalq protokolların istifadəsi, multidissiplinar komanda tərəfindən tibbi proseslərə nəzarət edilməsi, pasiyentlərin vaxtında və düzgün müalicəsi təmin edilir.
Fasiləsizlik - Peşəkar tibbi heyət və tam texniki təchizat, eləcə də digər qabaqcıl tibb müəssisələri ilə əməkdaşlıq – pasiyentlərin müalicəsi prosesində ən yaxşı nəticələr əldə etmək üçün, fasiləsiz tibbi xidmətin göstərilməsini təmin edir.
Effektivlik - Bütün fəaliyyət istiqamətləri üzrə yüksək səviyyədə xidmət göstərilməsini təmin edərək, xəstəliklərin profilaktikası, müalicəsi və diaqnostikasında tibb elminin müasir nailiyyətlərinin tətbiqi ilə keyfiyyətli və effektiv tibbi xidmətlərin göstərilməsinə nail olunur.
Sağlam iş şəraiti - İşçi heyəti ilə rəhbərlik arasında etibarlı münasibət yaratmaq üçün “açıq qapı” və ədalətlilik prinsiplərinə, habelə işin təşkilinə aid yerli və beynəlxalq standartlara riayət etməklə müəssisənin işçilərini təhlükəsiz iş mühiti ilə təmin edirik.
İctimai münasibətlər - İşimizin effektivliyini artırmaq üçün təhsil, dövlət və digər ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri yaradırıq.
Könüllülük - Gənclər arasında səhiyyədə könüllülük anlayışının formalaşdırılması və sağlamlıq sahəsində könüllü fəaliyyətin təşviq olunması üçün başda tibb sahəsində təhsil alan tələbələr olmaqla gələcək fəaliyyətini ictimai səhiyyə sahəsində qurmaq istəyən gənclərin könüllülük fəaliyyətini təşkil edirik.