Yeni Klinikanın Neonatologiya şöbəsində yenidoğulmuşların eşitmə skrininq testinin həyata keçirilməsinə başlanılıb.
Tamamən ağrısız, xəstəxanadan çıxmadan və çox vaxt körpələr yuxuda olarkən aparılan test Yeni Klinikanın həkim-otorinolarinqoloqu, Eşitmə mərkəzinin sədri Nərmin Əyyubova tərəfindən həyata keçirilir.
Yenidoğulmuşlarda eşitmənin universal skrininqi (UNHS - Universal neonatal hearing skreening) üçün istifadə olunan ABR (Auditory brainstem response) testi zamanı eşitmə sinirinin və beyin kötüyünün səsə cavabını ölçmək üçün səthi elektrodlardan istifadə edilir. Səslər səthi elektrod tərəfindən qeyd olunan elektrik aktivliyini yaradır və beyin kötüyünə çatdıqda ardıcıl beş dalğa (I, II, III, IV və V dalğalar) yaradır.
Məlumat üçün bildirək ki, hər 1000 yenidoğulmuşdan 3-ü eşitmənin pozulması ilə doğulur. Eşitmənin normal olması uşağın əqli, emosional və sosial inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Məhz bu səbəbdən anadangəlmə zəif eşitməni mümkün qədər tez aşkar etmək lazımdır. Eşitmə azlığı tez aşkar olunduğu təqdirdə onun nitqin inkişafına təsiri minimuma endirilə bilər.Yenidoğulmuşların eşitmə skrininqi adətən uşaq anadan olandan bir neçə gün sonra aparılır.