Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Yeni Klinikaya direktor təyin edilib.
Xəstəxananın direktoru vəzifəsi Barat Yusubova həvalə olunub. Barat Yusubov 08.01.1978-ci il tarixində Lerik rayonunun Pirasora kəndində anadan olub.
1995-ci ildə Pirasora kənd orta məktəbində təhsilini başa vurub. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
2002-2004-cü illərdə hərbi xidmətdə olarkən tibb məntəqə rəisi olaraq çalışıb. 2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005-2009-cu illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib.
2009-2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012-2015-ci illərdə “Medistyle Hospital”ın baş həkimi kimi çalışıb. 2015-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Hemodializ şöbəsinin müdiri, həkim-nefroloq kimi, 2019-cu ildən etibarən Azərbaycan Tibb Universiteti III Daxili xəstəliklər kafedrasının assistenti kimi fəaliyyət göstərir.
2015-2018-ci illərdə “Medical Plaza Klinikası”nın baş məsləhətçisi, 2017-ci ildə “HB Güven Klinikası”nın baş məsləhətçisi, 2017-2019-cu illərdə “SonoMed” eşitmə mərkəzinin baş məsləhətçisi, 2018-ci ildən “EGE Hospital”ın Müşahidə Şurasının sədri kimi çalışıb.
B.Yusubov 2018-ci ildə Nefroloqlar Cəmiyyətini təsis edib, 2018-2020-ci illər ərzində Cəmiyyətin sədri olub. Eyni zamanda o, 2022-ci ildə Azərbaycan Daxili Xəstəliklər Dərnəyini təsis edib və 2022-ci ildən etibarən Dərnəyin sədri kimi fəaliyyət göstərir. B.Yusubov müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir.