Yeni Klinika ilə İsrailin tanınmış “Madanes” Sığorta Qrupunun Azərbaycandakı nümayəndəliyi “Managed Care Azerbaijan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu məqsədlə keçirilən görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Yeni Klinikanın direktoru Barat Yusubov, “Managed Care Azerbaijan” şirkətinin İcraçı direktoru Tural İslamov və “Madanes” şirkətinin MDB ölkələri üzrə baş direktoru Yelena Solopova, TƏBİB-in və Yeni Klinikanın aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak edib.
Bu əməkdaşlıq şirkətin MDB və Şərqi Avropa, habelə Asiya ölkələrindəki müştərilərinin Azərbaycanın tibbi resurslarından istifadə etməsinə, tibbi turizmin inkişafına əlverişli şərait yaradacaq. Əlavə olaraq qeyd edək ki, sözügedən şirkət qabaqcıl tibbi və sığorta texnologiyalarının tətbiqi istiqamətində də Yeni Klinikaya dəstək göstərəcək. "Managed Care Azerbaijan" İsrailin ən böyük sığorta agentliklərindən biridir və 50 ilə yaxın müddətdir ki, tibbi sığorta və tibbi turizm sahəsində iş təcrübəsinə malikdir. Şirkətin Azərbaycanda nümayəndəliyinin açılması, MDB ölkələrində fəaliyyətinin inkişafına və 1.5 milyondan çox müştərisi ilə bu ölkələrdə birinci sinif sığorta və tibbi xidmətlərdən istifadə etməsinə şərait yaradıb.
Yeni Klinikanın hədəfləri barədə qonaqlara məlumat verən Araz Nəsirov klinikada pasiyent məmnunluğunun və təhlükəsizliyinin təmin olunmasına, keyfiyyətli və effektiv tibbi xidmətlərin göstərilməsinə xüsusi diqqət ayrıldığını bildirib: “Bu cür beynəlxalq əməkdaşlıqlar tibb müəssisələrinin gələcək fəaliyyətinə müsbət təsir göstərir və tibbi xidmətin keyfiyyət meyarlarında müsbət dəyişiklərə səbəb olur”.
Yeni Klinikanın direktoru Barat Yusubov 2020-ci il tarixindən fəaliyyət göstərən tibb müəssisəsində hazırda 500-dən çox həkim və tibbi heyətin çalışdığını, Cərrahiyyə və Transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və İnsult (STROK), Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. Sonda qonaqlar tibb müəssisəsi ilə tanış olublar.