Trabzon Ticarət və Sənaye Palatasının, Trabzon Səhiyyə İdarəsinin və “MedAssist” MMC-nin təşkilatçılığı ilə Bakıda təşkil olunan “Trabzon-Bakı Sağlamlıq Turizmi Sektoru B2B” sərgisi çərçivəsində Trabzondan gələn 24 nəfərlik nümayəndə heyəti TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanı ziyarət edib.
Azərbaycanda mövcud səhiyyə infrastrukturunu görmək məqsədi ilə tibb müəssisəsini ziyarət edən nümayəndə heyəti ilə görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktorun inzibati işlər müavini İlqar Mustafayev və digər əməkdaşlar iştirak ediblər. Klinikanın fəaliyyəti ilə bağlı çıxış edən Barat Yusubov tibb müəssisəsinin mövcud potensialı və gələcək planlar istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Türkiyə Respublikasının Ticarət Nazirliyi, Səhiyyə və Turizm Xidmətləri İdarəsinin rəhbəri Tarık Aksoy, Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebi, İdarə Heyətinin sədrinin köməkçisi Mehmet Çelebi, Şura üzvü Mehmet Üçüncüoğlu, Trabzon Səhiyyə İdarəsinin direktoru Hakan Usta, Trabzon Ticarət və Sənaye Palatasının layihə koordinatoru Damla Bayram, Trabzon Ticarət və Sənaye Palatasının layihə koordinatoru Kübra Kürkçü və Medassist MMC-nin direktoru Seymur İsmayıllının rəhbərlik etdiyi qrup info tur çərçivəsində xüsusi ilə Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin fəaliyyəti ilə yaxından tanış olublar və təcrübə mübadiləsi çərçivəsində öz təkliflərini səsləndiriblər.
Qeyd edək ki, sərgi çərçivəsində Bakı və Trabzon arasında tibbi turizm üzrə potensial əməkdaşlıq mövzusunda geniş müzakirələr aparılıb.