Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində artroskopik üsulla (qapalı) menisk yırtığı əməliyyatı icra edilib.
Sağ dizində travma sonrası ağrı, kilitli diz şikayəti ilə daxil olan 30 yaşlı kişi xəstəyə menisk yırtığı diaqnozu qoyularaq əməliyyat qərarı verilib.
Qeyd edək ki, menisk yırtılması diz travmalarında tez-tez rast gəlinən bir haldır. Əsasən idman və ya qaçış zamanı yarana biləcək menisk yırtığı həmçinin günlük hər hansı fiziki iş anında dizin ani dönməsi, aqressiv hərəkət, çöməlmə və ağır yük qaldırma nəticəsində də yarana bilər. Yırtığın müalicəsi yerindən və ölçüsündən, xəstənin yaşından və aktivlik dərəcəsindən aslı olaraq dəyişir. Artroskopik menisk yırtığı təmiri cərrahın dizə artroskop adlanan kiçik bir kamera və cərrahi alətlər daxil etdiyi minimal invaziv əməliyyatdır.
Uzman travmatoloq-ortoped Elşən Nəcəfovun icra etdiyi uğurlu əməliyyat sonrası xəstə ambulator müalicə üçün evə yazılıb.
Məlumat üçün bildirək ki, açıq cərrahiyyə əməliyyatlarında kəsik vasitəsilə əməliyyat sahəsi məhdud bucaqdan görünə bilər. Ancaq daha ətraflı müayinə və müalicəyə imkan verən artoskopiyada kameranı irəli apararaq müxtəlif bucaqlardan oynağın bütün hissələrinə baxıb və proseduru həyata keçirmək mümkündür.