TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın peşəkar Ümumi cərrahiyyə komandası tərəfindən mürəkkəb əməliyyat uğurla icra edilib.
Daha əvvəl TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra edilməyən əməliyyat ilk dəfə olaraq Yeni Klinikada Cərrahiyyə və Transplantasiya şöbəsinin rəhbəri Eldar Əhmədov və Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov tərəfindən həyata keçirilib.
Düz bağırsaq və qaraciyərin törəməsi diaqnozu ilə müraciət edən xəstəyə icra edilən laparoskopik düz bağırsağın ön-aşağı rezeksiyası və sol tərəfli hemihepatektomiya əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində yerinə yetirilib.
Cərrahiyə komandasının uğurlu əməliyyatından sonra stasionar müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.
Məlumat üçün bildirək ki, ölkə xaricində icra olunan bu kimi mürəkkəb əməliyyatlar artıq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində Yeni Klinikanın peşəkar komandası tərəfindən həyata keçirilir.