Yeni Klinikanın invaziv kardioloqu Gülay Məmmədova tibb müəssisəsində müalicəsi həyata keçirilmiş nadir klinik halları Avropanın nüfuzlu elmi tədbirlərində uğurla təqdim edib.
Belqrad şəhərində keçirilən “Avropa Ürək Çatışmazlığı Konqresi” (Heart Failure Congress 2025) və Parisdə baş tutan “EuroPCR 2025” tədbirləri çərçivəsində Gülay Məmmədovanın təqdim etdiyi klinik hallar beynəlxalq tibb ictimaiyyəti tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Təqdimatlarda invaziv kardiologiya sahəsində əldə olunmuş müasir yanaşmalar, Yeni Klinikanın tətbiq etdiyi müalicə protokolları və innovativ texnologiyaların rolu xüsusi vurğulanıb. Gülay Məmmədova çıxışlarında ölkəmizdə kardiologiya sahəsində artan peşəkarlıq səviyyəsini və elmi potensialı da nümayiş etdirib.
5.300-dən çox kardioloqun iştirak etdiyi Belqrad şəhərindəki “Avropa Ürək Çatışmazlığı Konqresi”ndə doğuşdan sonra inkişaf edən kəskin ürək çatışmazlığı ilə klinikaya müraciət etmiş gənc qadın xəstə üzərində qurulmuş nadir klinik hal təqdim olunub. Müasir ürək çatışmazlığı yanaşmaları ilə yanaşı, bu xəstə üzərində aparılmış kompleks müalicə prosesi konqres iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və mütəxəssislər arasında elmi diskussiyalara səbəb olub.
Paris şəhərində keçirilən və dünyanın ən böyük invaziv kardiologiya konfransı hesab olunan “EuroPCR 2025” çərçivəsində Yeni Klinikada uğurla həyata keçirilmiş 3 kompleks invaziv klinik hal “EuroPCR Digital Hub” platformasında 3 gün müddətində nümayiş olunub. Çoxdamarlı PCI zamanı prosedural ağırlaşma ilə müşayiət olunan halların idarəsi, spontan koronar arteriya disseksiyasına multidisiplinar yanaşma, nadir koronar anomaliyaya uğurlu müdaxilə kimi kliniki hallar 15.000-dən çox beynəlxalq kardioloq tərəfindən izlənilələrək müzakirə edilib.
Qeyd edək ki, hər üç hal yüksək ixtisaslı həkim komandası və multidisiplinar əməkdaşlıq çərçivəsində uğurla icra olunaraq kliniki praktikada örnək kimi təqdim edilib.Bu uğurlu təqdimatlar Yeni Klinikanın həm elmi, həm də klinik-praktik sahədə beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.