Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Özbəkistan Ofisinin mütəxəssisi Yoşiko Kavaquçi, JİCA-nın yerli konsultantı Nigar İsmayılova və TƏBİB-in nümayəndəsi Orxan Bağırzadə “Yeni klinika” tibb müəssisəsini ziyarət edib.
Azərbaycanda fəaliyyət göstərən bir sıra tibb müəssisələrinə baş çəkən Yoşiko Kavaquçinin ziyarətinin əsas məqsədinin əməkdaşlıq imkanlarını müzakirə etmək və ölkəmizin səhiyyə xidməti ilə tanış olmaqdan ibarət olduğu bildirilib.
“Yeni klinika” tibb müəssisəsinin İctimaiyyətlə əlaqələr və marketinq, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və həkim heyəti nümayəndələrə klinika haqqında ətraflı məlumat veriblər.
Qonaqlar tibb müəssisəsində fəaliyyət göstərən həkimlər, şöbələr, əməliyyat və reanimasiya otaqları ilə yaxındandan tanış olaraq bir sıra müzakirələr aparıblar.
Tibb müəssisəsi ilə yaxından tanış olan qonaqlar klinikanın göstərdiyi müayinə və müalicə proseslərindən, yaradılan şəraitdən məmnun qaldığını xüsusi qeyd edərək ölkəmizin səhiyyə xidmətinin müasir standatlara cavab verdiyini bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Ümumi sahəsi 100 min kvadratmetrə yaxın olan xəstəxana imkanlarına görə, tam standartlara cavab verir.
Hazırda “Yeni klinika” tibb müəssisəsi Təcili və təxirəsalınmaz tibbi yardım, Cərrahiyyə, Reanimasiya, Poliklinika şöbələrindən ibarətdir.
Qafqazın ən böyük tibb müəssisəsi olan klinikada 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur. Xəstəxanada quraşdırılan avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir.
Xatırladaq ki, “Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.