Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada aparılan hazırlıq prosesi ilə tanış olublar. Rəsmilər Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya və Stasionar şöbələrinə baxış keçirib, kliniki protokollara uyğun icra olunacaq tibbi xidmətlər barədə onlara ətraflı məlumat verilib.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.