Xəstəxanaya çatdırılarkən ürəyi dayanan şəxsin həyatı xilas edilib. Hadisə təcili yardım avtomobili ilə gətirilən xəstənin Yeni Klinikaya çatdırılması zamanı baş verib.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə kəskin koronar sindrom diaqnozu ilə təxliyə olunarkən ürək dayanması (kardiak arrest) qeydə alınan pasiyentin həyata qaytarılması üçün dərhal ilkin tibbi müdaxilə edilib.
Təcili tibbi yardım şöbəsinin müdiri Fəxriyyə Quliyeva və komandası tərəfindən kardiopulmonar reanimasiya tədbirlərinə başlanılıb, göstərilən peşəkar tibbi yardım nəticəsində xəstənin ürək ritmi və tənəffüsü bərpa edilib.
Daha sonra xəstədə miokardın ön divarının kəskin transmural infarktı diaqnozu təsdiq edilb və təcili qaydada koronar angioqrafiya müayinəsi icra olunub. İnvaziv kardioloq Tural Sadıqovun icra etdiyi müayinə nəticəsində tıxanmış damar koronar angioplastika (stent implantasiyası) üsulu ilə açılıb.
Kardiologiya şöbəsində həkimlərin nəzarətində saxlanılan pasiyent stasionar müalicədən sonra ambulator müalicə üçün evə buraxılıb.