Cari ilin may ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müraciət edən vətəndaşlara göstərilən ambulator tibbi xidmət sayı 70 435-ə çatıb. Aprel ayında isə bu rəqəm 55 050 təşkil edib.
Ötən ay ərzində icbari tibbi sığorta çərçivəsində tibb müəssisəsinə ambulator tibbi xidmət üçün müraciət edənlərin sayı 12 630-dan 16 057 nəfərə çatıb.
Aprel ayı ilə müqayisədə stasionar tibbi xidmət üçün Yeni Klinikaya müraciət edənlərin sayı artaraq 448-ə yüksəlib. 403 pasiyent isə əməliyyat olunaraq ambulator müalicə üçün evə yazılıb.
Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Ümumilikdə 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Cənubi Qafqazın ən böyük tibb müəssisəsi hal-hazırda ümumi cərrahiyyə, terapiya, təcili və təxirəsalınmaz tibbi yardım, reanimasiya şöbələri və poliklinikadan ibarətdir. Poliklinikada həmçinin urologiya, kardiologiya, ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, LOR, qastroenterologiya, radiologiya, revmatologiya, endokrinologiya, ginekologiya, nevrologiya və pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir.
Ümumi sahəsi 100 min kvadratmetrə yaxın və imkanlarına görə tam standartlara cavab verən tibb müəssisəsində 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur.