04 Oktyabr 2024 12:00

Yeni Klinikada daha bir ilk

Yeni Klinika - Yeni Klinikada daha bir ilk

Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə həyata keçirilən minimal invaziv üsulla ürək qapağının dəyişdirilməsi əməliyyatı uğurla icra edilib.

Tənginəfəslik, boğulma şikayətləri ilə müraciət edən 59 yaşlı qadın xəstə Uzm.Dr. Əlizamin Yusifli tərəfindən qəbul edilərək müayinələrdən keçirilib. Xəstədə ciddi mitral qapaq çatışmazlığı olduğu aşkarlanaraq dərhal əməliyyata hazırlanıb.

Ürək-damar cərrahları Uzm.Dr. Əlizamin Yusifli və Op.Dr.Mətin Hadizadə tərəfindən həyata keçirilən əməliyyat zamanı sinə sümüyü kəsilmədən, qabırğaarası sahədən daxil olaraq minimal invaziv üsulla mitral qapağın protezləşdirilməsi proseduru icra edilib.

Uğurlu əməliyyat sonrası reanimasiya ve stasionar şöbələrdə müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb. Məlumat üçün bildirək ki, minimal invaziv cərrahiyyənin ənənəvi cərrahiyyədən bir çox üstünlükləri vardır.

Əməliyyat kiçik kəsiklə icra olunduğundan estetik baxımdan daha üstün hesab olunur ki, bu da gələcəkdə kiçik çapıqla müşayiət olunur. Bu üsulun üstünlükləri daha az ağrı və travma, reanimasiya müddətinin az olması, cərrahiyyədən sonra yatış müddətinin azalması, infeksiya, qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası, qısa müddətdə sağalma həmçinin xəstənin iş aktivliyinin tez bərpa olunmasıdır.

Digər xəbərlər