Yeni Klinikada cərrah mama-ginekoloq MD.PhD, tibb elmləri namizədi Ahdab Əli Əzim və həkim uroloqlar Azad Süleymanov, Həmzət Cigərov tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində həyata keçirilən əməliyyat “ELSEVIER - International Journal of Surgery Case Reports” jurnalında dərc olunub.
Eyni zamanda “PubMed” data bazasında istinad kimi verilən məqalədə arzuolunmaz hamiləliyin qarşısının alınması üçün yerləşdirilmiş vasitənin (Cu-IUD) yerindən çıxaraq sidik kisəsinə doğru yer dəyişməsi səbəbi ilə sidik kisəsi daşının əmələ gəlməsi həmçinin sidikdə yanma və göynəmə hissinin artması problemini (dizuriya) yaşayan 32 yaşlı qadından bəhs edilib.
Müntəzəm müayinə zamanı xəstəyə arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması üçün (kontrasepsiya) yerləşdirilmiş Cu-IUD görülməyib. Lakin iki illik davamlı dizuriyadan sonra Yeni Klinikaya müraciət edən xəstədə ətraflı müayinələrdən sonra miqrasiya edilmiş uşaqlıqdaxili vasitə ilə əlaqəli sidik kisəsində daş aşkar edilib.
Cərrah mama-ginekoloq Ahdab Əli Əzim, həkim uroloqlar Azad Süleymanov və Həmzət Cigərovun icra etdiyi açıq sistotomiya əməliyyatı zamanı həm spiral, həm də daş çıxarılaraq xəstədə görülən simptomlar aradan qaldırılıb.
Cərrah mama-ginekoloq, MD.PhD, tibb elmləri namizədi Ahdab Əli Əzim, Urologiya şöbəsinin rəhbəri, MD.PhD, tibb elmləri namizədi Emil Muxtarov, həkim uroloqlar Azad Süleymanov, Həmzət Cigərovun və Almaniyada çalışan Assoc.Prof. Elvin Piriyevin müəllifi olduğu məqalədə sidik kisəsi kimi digər orqanlara miqrasiyaya səbəb ola biləcək uşaqlıqdaxili vasitələr ilə bağlı risklər, daşların ölçüsü və uşaqlıqdaxili vasitələrin yeri də daxil olmaqla, konkret şəraitdən asılı olaraq belə halların müalicəsi üçün müxtəlif diaqnostik üsullar və cərrahi yanaşmalar təsvir edilib.
Müəlliflər yerini dəyişmiş uşaqlıqdaxili vasitələrin vaxtında çıxarılmasının iltihab və sidik kisəsində yarana biləcək problemlər kimi ağırlaşmaların qarşısının alınması üçün vacib olduğunu vurğulayıblar.