TƏBİB və Yeni Klinikanın Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlığı çərçivəsində tibb müəssisəsinin “Sana Hospital Group”un nümayəndə heyəti tərəfindən əyani qiymətləndirilməsi prosesinə başlanılıb.
Nümayəndə heyəti Yeni Klinikanın idarəetmə strukturları, pasiyent müraciət proseduru, xəstəxana idarəetmə sistemi, maddi-texniki baza, müalicə xərclərinin ödənilməsi qaydaları və rəqabət mənzərəsi ilə tanış olublar.
“Sana Hospital Group”un nümayəndə heyəti 3 gün ərzində tibb müəssisəsinin müvafiq struktur bölmələrinə baxış keçirib, rəhbər şəxslərlə görüşüblər.
Şüa-diaqnostika, laboratoriya, əməliyyatxana, intensiv terapiya, stasionar, reabilitasiya və terapevtik müalicə metodları ilə tanışlıq prosesində yerli mütəxəssislərlə ətraflı müzakirələr aparılıb.
Müzakirələr zamanı tibb müəssisəsinin beynəlxalq fəaliyyəti və ictimai imici ətrafında da fikir mübadiləsi baş tutub.
Bu tip görüşlərin intensiv olaraq təşkil edilməsi yekunda tibb müəssisəsinin daha da təkmilləşdirilməsini hədəfləyən təkliflərin verilməsi məqsədilə nəzərdə tutulub.
Xatırladaq ki, TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq çərçivəsində xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb.
Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işləri həyata keçiriləcək.
Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşı olan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.
Xüsusi olaraq qeyd edək ki, “Sana Hospital Group”un qabaqcıl təcrübəsindən yararlanmaq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birbaşa təşəbbüsü, xüsusi diqqət və qayğısının nəticəsidir.