Yeni Klinikanın Ürək-damar cərrahiyyəsi şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində sinə sümüyü kəsilmədən kiçik kəsiklə-torakotomiya ilə qulaqcıqlararası çəpər qüsuru (ASD) təmiri əməliyyatı icra edilib.
Tənginəfəslik, ürək döyüntülərinin artması şikayətləri ilə müraciət edən 26 yaşlı kişi xəstə Uzm.Dr. Əlizamin Yusifli tərəfindən qəbul edilib. Müayinələr zamanı anadangəlmə ürək qüsuru (qulaqcıqlararası çəpər qüsuru - ostium sekundum tip) aşkar olunaraq əməliyyat qərarı verilib.
Ürək-damar cərrahları Əlizamin Yusifli və Mətin Hadizadə tərəfindən həyata keçirilən əməliyyat zamanı heç bir sümük kəsilmədən, kiçik kəsiklə qabırğaarası sahədən girilərək defekt xüsusi yama ilə bərpa edilib. Uğurlu əməliyyat sonrası 1 günlük reanimasiya, 3 günlük stasionar müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb.
Məlumat üçün bildirək ki, anadangəlmə ürək anomaliyası olaraq bilinən qulaqcıqlararası çəpər qüsuru (ASD) sağ və sol qulaqcıqlar arasında patoloji əlaqənin olması ilə xarakterizə edilir. Tibbin inkişafı, Yeni Klinikanda olan müasir avadanlıq və peşəkar həkim heyəti sayəsində artıq bu patologiyada qeydə alınan defektlər döş sümüyü kəsilmədən minimal invaziv metodla qoltuqaltından 3-4 sm-lik kəsiklə cərrahi olaraq təmir edilir.