TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada riskli angioplastika (ürək damarlarının stentlənməsi) əməliyyatı uğurla icra edilib.
Belə ki, 1988-ci ildə Fallo tetradası (anadangəlmə ürək qüsuru) səbəbindən açıq ürək əməliyyatı olunmuş pasiyentdə yenidən koronar arteriya xəstəliyi aşkar edilib. Ürək damarlarında çoxsaylı daralmalar olan pasiyentə yenidən açıq ürək əməliyyatına ehtiyac duyulub.
Lakin təkrar açıq ürək əməliyyatı həm riskli, həm də texniki cəhətdən çətin prosedur hesab olunduğundan klinikanın kardioloq və kardiocərrahlarının birgə konsiliumu ilə angioplastika (ürək damarlarının stentlənməsi) əməliyyatının icrasına qərar verilib.
Ana koronar arteriyadakı darlıq həkim-kardioloq Şahanə Ələsgərli və həkim-kardioloq Gülay Məmmədova tərəfindən xüsusi bifurkasiyada invaziv müdaxilə texnikası ilə aradan qaldırılıb.
Prosedur nisbətən riskli olsa da uğurla nəticələnib. Öz sağlamlığına qovuşan pasiyent amulator müalicə üçün evə yazılıb.