05 İyun 2025 12:00

TƏBİB-in İcraçı direktorunun müşaviri Yaponiyada keçirilən Dünya Fizioterapiya Konqresində iştirak edib

Yeni Klinika - TƏBİB-in İcraçı direktorunun müşaviri Yaponiyada keçirilən Dünya Fizioterapiya Konqresində iştirak edib

TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov Yaponiyanın Tokyo şəhərində keçirilən Tokyo Beynəlxalq Forumu çərçivəsində dünyanın nüfuzlu fizioterapiya tədbirlərindən biri olan Dünya Fizioterapiya Konqresində çıxış edib.

Dünya Fizioterapiya Konfederasiyası və Yaponiya Fizioterapiya Assosiasiyasının birgə təşkil etdiyi tədbir fizioterapiya sahəsində qlobal bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə, elmi yeniliklərin təqdim edilməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə həsr olunub.

Tədbirdə çıxış edən P.Əkbərov Azərbaycanda reabilitasiya xidmətlərinin cari vəziyyəti, son illərdə səhiyyənin prioritet istiqamətlərindən birinə çevrilməsi və bu istiqamətdə həyata keçirilən yeniliklər barədə məlumat verib. O, dövlət xəstəxanalarında reabilitasiya xidmətlərinin təşkili sahəsində aparılan müsbət dəyişikliklərin və koordinasiyalı peşəkar komanda yanaşmasının təşviqinin sistemin ümumi səmərəliliyini əhəmiyyətli dərəcədə artırdığını bildirib.

İcraçı direktorun müşaviri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə fizioterapiya və reabilitasiya xidmətlərinə əlçatanlığın mərhələli şəkildə artırıldığını, bir sıra dövlət tibb müəssisələrində fizioterapevtik kabinetlər və reabilitasiya bölmələrinin sığorta çərçivəsində fəaliyyətə başladığını vurğulayıb.

P.Əkbərov, həmçinin reabilitasiyanın müxtəlif sahələri - tibbi, psixososial, funksional, kognitiv və peşə reabilitasiyası üzrə fəaliyyətlərin gücləndirildiyini qeyd edib. O bildirib ki, bu istiqamətlərdə göstərilən səylər və görülən tədbirlər həm fərdi, həm də ictimai səviyyədə sağlamlığın qorunması və bərpasında mühüm rol oynayır. Fizioterapiya sahəsində kadr hazırlığı və təhsilin keyfiyyəti məsələsinə də toxunan P.Əkbərov vurğulayıb ki, tədris proqramlarının müasirləşdirilməsi, praktik bacarıqların təkmilləşdirilməsi və tədrislə praktik fəaliyyətin inteqrasiyası tələbələrin real iş mühitinə uyğun hazırlanmasına xidmət edir.

Sonda P.Əkbərov reabilitasiya sahəsində yaxın gələcək üçün nəzərdə tutulmuş inkişaf strategiyaları və yol xəritəsini təqdim edərək rəqəmsallaşmanın, peşəkar potensialın gücləndirilməsinin və o cümlədən beynəlxalq əməkdaşlığın bu sahənin davamlı inkişafının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, müasir fizioterapiyanın ən aktual istiqamətlərini əhatə edən konqres həm klinik, həm də texnoloji yenilikləri bir araya gətirib. Müzakirələr zamanı müxtəlif yaş qruplarına və sağlamlıq problemlərinə yönəlmiş reabilitasiya yanaşmaları, interdisiplinar müdaxilə modelləri, qabaqcıl texnologiyaların tətbiqi, eləcə də profilaktika və funksional bərpa sahəsində qlobal təcrübələr ön plana çıxarılıb. Həm elmi əsaslandırmaya, həm də praktiki nəticələrə söykənərək sahənin gələcək inkişaf perspektivlərinə işıq tutan təqdimatlar maraqla qarşılanıb. Tədbir çərçivəsində, həmçinin 70-dən çox sərgi iştirakçısı texnoloji və klinik yenilikləri təqdim edib, 6 sənaye tərəfdaşı konqresə dəstək göstərib, 2.640 təqdimat edən müəllif və 3.355 tezis təqdim edən şəxs öz elmi işlərini bölüşüb.

Məlumat üçün bildirək ki, Dünya Fizioterapiya Konfederasiyası (World Physiotherapy) 1951-ci ildə 11 milli fizioterapiya assosiasiyası tərəfindən “World Confederation for Physical Therapy” adı ilə yaradılıb. 129 ölkənin üzv olduğu qurum 600.000-dən çox fizioterapevti təmsil edir.

Photos Gallery

Digər xəbərlər