02 İyun 2025 12:00

Yeni Klinika əməkdaşı "Sağlamlığa Doğru Qaç!" layihəsində ikinci yerə layiq görülüb

Yeni Klinika - Yeni Klinika əməkdaşı "Sağlamlığa Doğru Qaç!" layihəsində ikinci yerə layiq görülüb

17 iyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan “Sağlamlığa Doğru Qaç!” adlı genişmiqyaslı layihədə Yeni Klinikanın Təhlükəsizlik şöbəsinin əməkdaşı Kənan Məmmədzadə yüksək nəticə göstərərək ikinci yerə layiq görülüb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu qaçış yarışı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə səhiyyə işçilərinin eyni zamanda tibb tələbələrinin iştirakı ilə baş tutub.

Tədbirin açılış mərasimində çıxış edən AHİK sədr müavini Qəzənfər Abdullayev, Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova ölkəmizin idman sahəsindəki uğurlarını vurğulayıb, belə layihələrin əhəmiyyətinə diqqət çəkiblər. Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlətin idman və gənclər siyasətinə fəal dəstək göstərir və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edir.

Yarışa 70-ə yaxın tibb müəssisəsindən 500-ə yaxın iştirakçı qatılıb. Ənənəvi hal alan və bu il sayca 8-ci dəfə keçirilən tədbirdə tibb müəssisələrinin əməkdaşları ilə yanaşı, Azərbaycan Tibb Universitetinin və müxtəlif tibb kolleclərinin tələbələri də fəal iştirak ediblər. Yarışın sonunda qadınlar və kişilər arasında I, II və III yerlərin sahiblərinə xüsusi mükafatlar təqdim olunub.

Qeyd edək ki, qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan “Sağlamlığa doğru qaç!” layihəsi tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

Photos Gallery

Digər xəbərlər