TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən tabeli tibb müəssisələrində reanimotoloji-anestezioloji xidmətlərin gücləndirilməsi məqsədilə Yeni Klinikada təşkil olunan təlimlərin birinci mərhələsi uğurla başa çatıb.
TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlimlərdə iştirak edən tibbi heyət yekun qiymətləndirmədən keçərək sertifikatlar əldə ediblər.
Təlim proqramının əsas məqsədinin bölgələrdə reanimasiya və anesteziologiya sahəsində fəaliyyət göstərən tibb personalının praktiki bacarıqlarını inkişaf etdirmək və beynəlxalq standartlara uyğun müasir yanaşmaların tətbiqini təşviq etmək olduğunu bildirən E.Qasımov bu cür proqramların keçirilməsinin və davamlı tədris mühitinin yaradılmasının vacibliyini qeyd edib. O, bu təşəbbüsün ölkə üzrə reanimotoloji və anestezioloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıb.
Təşkil olunan təlimlərin önəmindən danışan Yeni Klinikanın direktoru Barat Yusubov bildirib ki, bu proses reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və tibbi heyətin peşəkar inkişafına imkan yaradacaq.
Qeyd edək ki, təlimlərin ilk mərhələsində Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayon mərkəzi xəstəxanalarının Reanimasiya-anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi iştirak edib. Onlar Yeni Klinikanın Reanimasiya şöbəsində eyni zamanda anestezioloq-reanimatoloq Lalə Əliyevanın rəhbərliyi ilə Əməliyyatxana bölməsində praktiki və nəzəri biliklərini artırmaqla yanaşı, TƏBİB Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarına da qoşulublar.
Nəzərdə tutulan təlim dövründə şöbə müdiri Emil Qasımov, anestezioloq-reanimotoloq Mayıl Sədiyev, həkim-rezident Nurlana Hüseynova, Reanimasiya şöbəsinin böyük tibb bacısı Gülşən Allahverdiyeva tərəfindən müxtəlif mövzularda təlim və seminarlar təşkil olunub.
Xatırladaq ki, bölgələrdə göstərilən reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsi, pasiyent məmnunluğunun artırılması və tibbi heyətin peşəkarlığının inkişafı etdirilməsi məqsədilə keçirilən təlimlərə TƏBİB tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrinin də cəlb olunması nəzərdə tutulub.