Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ürək-damar cərrahiyyəsi sahəsində mühüm bir yeniliyə imza atılıb.
Belə ki, mərkəzdə ilk dəfə olaraq dünyada yalnız xüsusi ixtisaslaşmış tibbi mərkəzlərdə tətbiq olunan “Ozaki” texnikası ilə aorta qapağının rekonstruktiv cərrahiyyəsi uğurla həyata keçirilib.
Şiddətli nəfəs darlığı, sinə ağrısı və ürəkgetmə kimi simptomlarla Yeni Klinikaya müraciət edən 56 yaşlı pasiyentdə aparılan müayinələr nəticəsində ciddi dərəcədə aortal stenoz - aorta qapaq taylarının bitişməsi nəticəsində aorta ağzının daralması diaqnozu müəyyən edilib.
Uzman ürək-damar cərrahı Elgin Hacızadənin rəhbərliyi və həkim-anestezioloq Fidan Qazıyevanın iştirakı ilə icra edilən əməliyyat zamanı pasiyentin kalsifikasiyaya uğramış və daralmış aorta qapağı çıxarılaraq, onun yerinə xəstənin öz perikard toxumasından hazırlanmış bioloji və funksional təbii qapaq implantasiya edilib.
Ozaki texnikasının əsas üstünlüyü, mexaniki və ya bioprotez qapaqlardan fərqli olaraq orqanizmə yad cisim yerləşdirilməməsi və nəticə etibarilə pasiyentin ömürlük qan durulducu dərman qəbuluna ehtiyac duymamasıdır.
Əməliyyatdan sonra pasiyent bir gün Reanimasiya şöbəsində, eyni zamanda beş gün stasionar şəraitdə nəzarət və müalicə altında saxlanılıb. Ümumi vəziyyəti stabilləşdikdən sonra evə yazılıb.
Qeyd edək ki, “Ozaki” metodu Yaponiyalı ürək cərrahı Prof. Şiqeyuki Ozaki tərəfindən hazırlanaraq standartlaşdırılmış və bu gün dünyanın seçilmiş, yüksək ixtisaslı tibb mərkəzlərində uğurla tətbiq olunmaqdadır. Bu metod, aorta qapaq xəstəliklərinin müalicəsində mexaniki və bioprotez qapaqlarla əlaqəli ağırlaşmaların qarşısını almaq məqsədilə effektiv alternativ kimi tanınır.