30 Yanvar 2025 12:00

Yeni Klinika komandası 2 yaşlı uşağın həyatını xilas etdi

Yeni Klinika - Yeni Klinika komandası 2 yaşlı uşağın həyatını xilas etdi

Yeni Klinikada anadangəlmə ürək qüsuru olan uşaq Ürək-damar mərkəzi komandası tərəfindən uğurla əməliyyat edilərək xilas edilib.

Belə ki, 2 yaşlı uşaq anadangəlmə ürək qüsuru olan iki kameralı sağ mədəcik və mədəcikarası çəpər defekti diaqnozu ilə tibb müəssisəsinin uşaq kardioloqu Bəhruz Əliyev tərəfindən qəbul edilib.

Aparılan exokardioqrafiya (EXO) müayinəsi ilə diaqnoz təsdiq edilərək konsiliumun qərarı ilə xəstə əməliyyata hazırlanıb.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilən açıq ürək əməliyyatı zamanı uşaq ürək cərrahı Şiraslan Baxşəliyev tərəfindən iki kameralı sağ mədəcik təmiri və mədəcikarası çəpər defekti (VSD) prosedurları icra olunub.

2 günlük reanimasiya və 5 günlük stasionar müalicədən sonra ambulator müalicə üçün evə yazılan xəstə ürək-damar cərrahiyyəsi, anesteziya, reanimasiya və stasionar komandanın multidisiplinar müalicəsi ilə sağlamlığına qovuşub.

Məlumat üçün bildirək ki, mədəciklərarası çəpər defekti anadangəlmə qüsur olub, ürəyin sol mədəciyi ilə sağ mədəciyi arasında yerləşən divardakı dəlikdir. Arterial və venoz qanın qarışmasına səbəb olan bu defekt bəzi ağırlaşmalara gətirib çıxarır. Qüsur vaxtında aşkar edildiyi təqdirdə ürək ağırlaşmalarının qarşısını almaq mümkündür. İki kameralı sağ mədəcik adətən mədəcikarası çəpər defekti olan xəstələrdə rast gəlinir. Bu patologiya cərrahi yolla darlığın aradan qaldırılması, eyni zamanda mədəcikarası çəpər defektinin bağlanması ilə müalicə olunur.

Digər xəbərlər