02 Dekabr 2024 12:00

Yeni Klinikada ilk dəfə eyni anda 3 ürək əməliyyatı icra olunub

Yeni Klinika - Yeni Klinikada ilk dəfə eyni anda 3 ürək əməliyyatı icra olunub

Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə daha əvvəl 2 dəfə miokard infarktı keçirən, 3 damarında kritik tutulmalar aşkarlanan həmçinin 2 qapağında (aorta və mitral qapaqlar) ciddi çatışmazlıq müşahidə edilən xəstənin əməliyyatı ürək-damar cərrahları tərəfindən uğurla həyata keçirilib.

Belə ki, təngnəfəslik, boğulma şikayətləri ilə klinikaya müraciət edən 55 yaşlı kişi xəstə invaziv kardioloq Şəhanə Ələsgərli tərəfindən elektrokardioqrafiya (EKG), exokardioqrafiya və angioqrafiya müayinələrindən keçirildikdən sonra konsiliumun qərarına əsasən əməliyyata hazırlanıb.

Ürək-damar cərrahı Mətin Hadizadə tərəfindən ətraflı müayinələrdən keçirilən xəstənin tək böyrəkli və anamnezində psixiatrik xəstəlik olması həmçinin buna bağlı uzun zamandır psixotrop dərmanlar qəbul etdiyi aşkarlanıb.

Ürəyin atım fraksiyası 35% və ürək ölçüləri normadan artıq olan xəstənin əməliyyatı yüksək risk kateqoriyasına daxil olsa da ürək və damar cərrahları Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən həkim-anestezioloq İsmayıl Əliyev, həkim-perfuzioloq Leyla Məhərrəmova və həkim-rezident Xətai Hüseynlinin iştirakı ilə uğurla həyata keçirilib.

7 saat davam edən əməliyyat zamanı ürək-damar cərrahı Mətin Hadizadə tərəfindən ürəyin 3 tac damarına yeni damarlar tikilərək qan dövranı bərpa edilib, aorta və mitral qapaqlar protez qapaqla əvəz edilib.

Əməliyyatdan sonra həkim-reanimatoloq İlahə Məcidova həmçinin psixiatr Ləman Quluzadənin iştirakı ilə 4 gün İntensiv terapiya və reanimasiya şöbəsində, 1 həftə stasionar şöbədə müalicə alan xəstə yaxşılaşma ilə evə yazılıb.

Digər xəbərlər