28 Noyabr 2024 12:00

Daha bir əməliyyat Yeni Klinikada ik dəfə icra olundu

Yeni Klinika - Daha bir əməliyyat Yeni Klinikada ik dəfə icra olundu

TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində daha əvvəl icra olunmayan əməliyyat ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Yeni Klinikada həyata keçirilib.

Sol tərəfli bel ağrıları və təkrarlayan sidik yolları infeksiyası şikayətləri ilə klinikaya müraciət edən 65 yaşlı pasiyentdə uroloji müayinələr zamanı sol böyrək daşı və sol tərəfli hidronefroz aşkarlanıb.

Laparoskopik urologiyanın ən mürəkkəb əməliyyatlarından olan laparoskopik pielolitotomiya (böyrək ləyəni daşının çıxarılması) əməliyyatını cərrah-uroloqlar Uzm.Dr.Elnur Ziyadov, Dr.Azad Süleymanov və həkim-rezident Mehran Quliyev icra ediblər.

Urologiya şöbəsinin rəhbəri, MD.PhD, tibb elmləri namizədi Emil Muxtarovun, Əməliyyatxana bölməsinin müdiri anestezioloq-reanimatoloq Lalə Əliyevanın və anestezioloq-reanimatoloq Dinar Musayevanın iştirakı ilə baş tutan uğurlu əməliyyat sonrası qanaxma və ya ağırlaşma müşahidə edilməyib. Dörd günlük stasionar müalicə alan pasiyent yaxşılaşma ilə evə yazılıb.

Qeyd edək ki, laparoskopik pielolitotomiya əməliyyatı standart böyrək daşı əməliyatlarından fərqli olaraq, daşın yerləşməsi, ölçüsü və həcmi kimi göstəricilərə əsasən seçilmiş xəstələrdə icra olunur.

Məlumat üçün bildirək ki, laparoskopik əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Laparoskopik əməliyyatlar daha az travmalı olduğundan xəstəxanada yatış müddəti də azalır və eyni zamanda əməliyyatdan sonra bədəndə kobud kəsik, çapıq və s. izlər qalmır.

Digər xəbərlər