20 Noyabr 2024 12:00

ABŞ və Almaniyada yaşayan həkim-mütəxəssislər Yeni Klinikanı ziyarət ediblər

Yeni Klinika - ABŞ və Almaniyada yaşayan həkim-mütəxəssislər Yeni Klinikanı ziyarət ediblər

Yeni Klinikada Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi Rauf Şahbazov və Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayevlə görüş keçirilib.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərovun iştirakı ilə baş tutan görüşdə neyroradiologiya, invaziv radiologiya, cərrahi yeniliklər, transplantologiya və elmi-tədqiqat mövzuları müzakirə olunub.

Anar İsrafilov insult mərkəzlərinin önəmindən bəhs edərək dövlətin səhiyyəyə diqqəti sayəsində həm paytaxtda, həm də regionlarda bu mərkəzlərin fəaliyyət göstərdiyini bildirib. İcraçı direktorun müavini icbari tibbi sığorta ilə vətəndaşlara xidmət göstərən insult mərkəzlərinin sayının artırılacağını və yaradılan mərkəzlərdə Avropa təcrübəsinə istinad edilərək daha da inkişaf etdiriləcəyini qeyd edərək bir sıra nüanslara toxunub.

Pərvin Əkbərov yaxın zamanda Yeni Klinikada istifadəyə veriləcək Cənubi Qafqazın müasir avadanlıqlarla təmin olunmuş ən böyük STROK mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verib və bu istiqamətdə görülən işlərin dünya təcrübəsinə əsaslanaraq həyata keçirildiyini bildirib.

Görüş zamanı Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev və Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi, Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin Transplantologiya cərrahiyyəsi şöbəsinin rəhbəri, transplantoloq Rauf Şahbazov Avropa və Amerikada fəaliyyət göstərən İnsult mərkəzlərinin fəaliyyət və inkişaf istiqamətləri həmçinin neyroradiologiya, invaziv radiologiya, transplantologiya sahəsində tətbiq olunan ən son yenilikləri bölüşərək, dəstəyə hazır olduqlarını bildiriblər.

Daha sonra həkim-mütəxəssislər klinika ilə yaxından tanış olmaq məqsədi ilə Cərrahiyyə və transplantasiya, STROK mərkəzlərinə həmçinin Reanimasiya şöbəsi və Angioqrafiya laboratoriyasına baxış keçiriblər.

Məlumat üçün bildirək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan azərbaycanlı həkim-mütəxəssislər daha öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovla görüşərək Azərbaycanda səhiyyənin inkişafı, gələcəkdə azərbaycanlı həkimlər üçün Almaniya və Amerikada təcrübə-mübadilə proqramlarının təşkili və s. mövzularda müzakirələr aparıblar.

Digər xəbərlər