Öskürək, tənginəfəslik və hemoptizi (qanla qarışıq bəlğəm) şikayətləri ilə tibb müəssisəsinə baş vuran 24 yaşlı kişi pasiyentə aparılmış laborator, instrumental və anamnestik məlumatlar əsasında “vegener qranulomatoz” diaqnozu qoyulub.
Həmçinin təsdiqlənmiş radioloji müayinələr zamanı xəstədə böyrək tutulması və hər iki ağciyərdə kavitar lezyonlar, plevral ekssudat (iltihab zamanı ayrılan maye), ağciyər düyünləri və “buzlu şüşə” sahələri aşkarlanaraq ağciyər tutulmasına qarşı müvafiq müalicələrə başlanılıb.
Bu müddət zamanı müsbət dinamika əldə edilsə də, 1 ay sonra qızdırma şikayəti ilə təkrar xəstəxanaya daxil olan pasiyentə uzman pulmonoloq Aygül Abbasova tərəfindən anestezioloq Sahabxanım Niftaliyevanın iştirakı ilə bronxoskopiya müayinəsi icra edilib. Müayinə zamanı bronx lavajı alınıb, klebsiella pnevmoniyası aşkarlanaraq müalicəyə başlanılıb.
Uzman pulmonoloq Aygül Abbasova, həkim-revmatoloq Aysel Ağalarova, həkim-radioloq Nigar Bayramova və həkim-rezident Ülviyyə Poladlının iştirakı ilə icra olunan müayinə və müalicələr nəticəsində klinik, laborator, instrumental olaraq müsbət dinamika əldə edildikdən sonra xəstə yaxşılaşma ilə evə yazılıb.
“Vegener qranulomatoz” kimi tanınan poliangit (GPA) ilə granulomatoziya orqanizmanın müxtəlif yerlərində qan damarlarının iltihabına səbəb olan nadir bir autoimmun xəstəlikdir. Xəstəlik əsasən sinuslar, burun, nəfəs borusu, ağciyər və böyrəklərə təsir göstərir.