Yeni Klinikada ilk dəfə eyni anda icra edilən iki müxtəlif əməliyyat uğurla başa çatıb.
Uzman invaziv radioloqlar Ağakişi Yəhyayev və Samir Məmişov tərəfindən başladılan cərrahi əməliyyat zamanı TEVAR (döş aortasının anevrizmasının qapalı üsulla ləğv edilməsi) və eyni zamanda EVAR (endovaskulyar anevrizmanın təmiri) prosesi icra edilib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan bu ikili əməliyyat uğurlu nəticə verib. Beləliklə, qasıq damarları cərrahi yolla açılmadan sadəcə 5-6 mm dəlik vasitəsi ilə perkutan üsülla daha bir ağır əməliyyat TEVAR/EVAR həyata keçirilib.
Qeyd edək ki, qarın aortasının anevrizması ölüm faizi kifayət qədər yüksək olan xəstəliklərdəndir. Torakal aorta anevrizması isə sinə bölgəsindəki aortada əmələ gələn anevrizmalardır. Təhlükəli hesab edilən bu patologiyanın açıq cərrahi müalicəsində bir sıra fəsad və travmatik vəziyyət müşahidə edilə bilər. Hazırda elm və texnikanın inkişafının tibb sahəsində özünü göstərməsi xəstəliyin cərrahi müalicəsinin artıq qapalı yolla icrasına şərait yaradır.
Bu riskli cərrahi əməliyyatı uğurla başa çatdıran həkim komandasını təbrik edirik!