22 Oktyabr 2024 12:00

Anadangəlmə ürək qüsuru olan xəstənin həyatı xilas edildi

Yeni Klinika - Anadangəlmə ürək qüsuru olan xəstənin həyatı xilas edildi

Yeni Klinikada ürək-damar cərrahları tərəfindən icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində daha bir əməliyyat ilk dəfə uğurla icra edilib.

Anadangəlmə mədəciklərarası çəpər defekti (perimembranoz VSD) və trikuspid qapaq çatışmazlığı diaqnozu ilə Yeni Klinikaya müraciət edən 31 yaşlı xanım ürək-damar cərrahı Mətin Hadizadə tərəfindən qəbul edilərək ətraflı müayinələrdən sonra planlı əməliyyata hazırlanıb.

Ürək damar cərrahı Mətin Hadizadə tərəfindən icra edilən əməliyyat zamanı anadangəlmə ürək qüsuru xüsusi yama ilə tikilərək qapadılıb, trikuspid qapaq təmir edilib və çatışmazlıq aradan qaldırılıb. Əməliyyat sonrası 2 gün Reanimasiya şöbəsində müalicə alan xəstə 1 həftəlik stasionar müalicədən sonra yaxşılaşma ilə evə yazılıb.

Məlumat üçün bildirək ki, mədəciklərarası çəpər defekti anadangəlmə qüsur olub, ürəyin sol mədəciyi ilə sağ mədəciyi arasında yerləşən divardakı dəlikdir. Çox zaman erkən yaşlarda bağlanan dəliyin bəzən açıq qalma ehtimalı da ola bilir. Arterial və venoz qanın qarışmasına səbəb olan bu defekt bəzi ağırlaşmalara gətirib çıxarır. Qüsur vaxtında aşkar edildiyi təqdirdə ürək ağırlaşmalarının qarşısını almaq mümkündür.

Digər xəbərlər